Yeni Klinikada Beynəlxalq Leykemiya Gününə həsr olunmuş simpozium keçirilib. Tədbirdə yerli və xarici mütəxəssislər leykemiyaların diaqnostika və müalicəsində müasir yanaşmaları, sümük iliyi transplantasiyasının imkanlarını və bu sahədə aktual məsələləri müzakirə ediblər.
Tədbirin açılışında çıxış edən Azərbaycan Hematoloji Mütəxəssisləri Cəmiyyətinin sədri Dr. Valeh Hüseynov leykemiyanın erkən diaqnostikasının, müasir dərman vasitələrinə əlçatanlığın və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Dr. Yeganə Abbasova açılış nitqi ilə çıxış edərək Azərbaycanda sümük iliyi transplantasiyası sahəsində görülən işlər barədə məlumat verib.
Mərkəz sədri qeyd edib ki, dövlət rəhbərliyi tərəfindən əhalinin sağlamlığının qorunması, xəstəliklərin müalicəsi və müasir tibbi xidmətlərin əlçatanlığının təmin olunması istiqamətində mühüm işlər görülür.
Dr. Yeganə Abbasova ODTKM-nin fəaliyyəti barədə məlumat verərək bildirib ki, Mərkəz tərəfindən yaradılan vahid rəqəmsal informasiya sistemində gözləmə siyahıları və reyestrlər idarə olunur. Hazırda sümük iliyi transplantasiyasına ehtiyacı olan 556 xəstə donor gözləyir.
Bildirilib ki, Azərbaycanda sümük iliyi transplantasiyasına 2014-cü ildən Talassemiya Mərkəzində başlanılıb və bu günədək 300-ə yaxın transplantasiya həyata keçirilib. 2026-cı ildən Liv Bona Dea Hospitalda da haploidentik donorlarla sümük iliyi transplantasiyası icra olunur. Uyğun donor tapılmadıqda isə Türkiyənin Türk Kök Bankının donor bazasından istifadə edilir. Dövlət xətti ilə 2023-cü ildən bu günədək 115 transplantasiya həyata keçirilib.
Simpoziumun elmi hissəsində böyüklərdə və uşaqlarda leykozların müasir müalicə yanaşmaları, müasir müalicə rejimləri, CAR-T hüceyrə terapiyası və sümük iliyi transplantasiyasının imkanları müzakirə olunub. Türkiyədən dəvət olunmuş mütəxəssis Dr. Ömür Gökmen Sevindik və yerli mütəxəssislər tərəfindən xəstəliyin müalicəsi və proqnozuna təsir edən genetik mutasiyalar barədə məruzələr təqdim edilib.
Tədbir leykemiyaların erkən diaqnostikası və müasir müalicə imkanlarının inkişafı, sümük iliyi transplantasiyası və bu istiqamətdə yerli və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini bir daha diqqətə çatdırıb.